Menu

ZƏBUR 6

BSA

1 Ya Rəbb, qəzəblənib məni töhmətləndirmə, Hiddətlənib məni tənbeh etmə.

2 Ya Rəbb, mənə rəhm et, Çünki taqətim qalmayıb. Mənə şəfa ver, ya Rəbb, Sümüklərim sızlayır.

3 Canıma vəlvələ düşüb. Ya Rəbb, bu nə vaxtadək olacaq?

4 Ya Rəbb, gəl, mənə kömək et, Məhəbbətin naminə məni xilas et!

5 Ölüb-gedən insan Səni xatırlamaz. Axı ölülər diyarından kim Sənə şükür edəcək?

6 Öz ah-naləmdən bezmişəm, Hər gecə ağlamaqdan döşəyim islanır, Göz yaşlarımdan yatağım yaş olur.

7 Qəmdən gözümün nuru sönüb, Gözlərim düşmənləri görməkdən zəifləyib.

8 Siz ey şər iş görənlər, məndən uzaq durun! Çünki Rəbb hönkürtümü eşitdi,

9 O, yalvarışımı dinlədi, Rəbb duamı qəbul etdi!

10 Bütün düşmənlərim rüsvay olacaq, Canlarına vəlvələ salınacaq, Xəcalət içində bir andaca geri qayıdacaq.

Everything we make is available for free because of a generous community of supporters.

Donate